CƏMİYYƏT
Yasamal rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
Yasamal rayonu gənclərinin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Azərbaycan xalqının tarixi qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə mərasim təşkil edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, abidənin önünə əklil və güllər qoyulub.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hərbi xidmətə yola salınan 50 gənci təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən danışıb. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu edib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb.
Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə ediblər.
Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içiblər.
Tədbirin sonunda Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi konsert proqramı ilə çıxış edib.