İQTİSADİYYAT


Yasamal rayonunun “Sovetski” ərazisindəki beş küçədə yenidənqurma işləri yekunlaşır VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Bakı şəhərinin Yasamal rayonu ərazisində (“Sovetski” adlanan ərazidə) Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 kilometr olan beş küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Artıq işlərin 85 faizi başa çatdırılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işlərin yekunlaşdığı Balababa Məcidov küçəsindən işlər yekunlaşıb. Hazırda Abdulla Şaiq, Mirzəağa Əliyev və Füzuli küçələrində son tamamlama işləri görülür. Bundan başqa, uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində asfalt-beton örtüyünün son qatı döşənir, işıqlandırma sistemi qurulur.

Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində genişləndirmə və torpaq işləri başa çatıb, yeni yol yatağı inşa olunub. Yol boyu yeni kommunikasiya xətlərinin çəkilişi başa çatmaq üzrədir. Hazırda 500 metrlik ərazidə asfaltlanma işlərinə başlanılıb.

Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də aparılan yenidənqurma işləri son mərhələdədir. Küçələrin uzunluğu müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Hər iki küçədə ümumi işlərin 90 faizi görülüb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, ikiqat olmaqla asfalt-beton örtük döşənib. Piyada səkilərinin tikintisi və işıqlandırma işləri də yaxın günlərdə yekunlaşdırılacaq.

Hazırda isə Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin “Statistika dairəsi”nə, həmçinin N.Nərimanovun heykəlinin yerləşdiyi dairə istiqamətinə birləşdirilməsi işləri aparılır. Analoji işlər Füzuli və Mirzəağa Əliyev küçələrində də görülür. Belə ki, həmin küçələr Füzuli meydanına birləşdirilir.

Həmçinin, layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni iki hərəkət zolaqlı geridönmə hissə də yaradılıb. Yenidən qurulan küçələrdə layihə üzrə 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq tikiləcək. İşlərin may ayında bütünlüklə başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.