CƏMİYYƏT
Yasamal rayonunun tibb müəssisələrində əhalinin dispanserizasiyası uğurla davam edir
Bakı, 29 aprel, AZƏRTAC
Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən ölkədə keçirilən əhalinin dispanserizasiyası aksiyasına qoşulub. Rayonda Respublika xəstəxanası, Eksperimental xəstəxana, 10 poliklinika və təqribən 15 ixtisaslaşmış tibb müəssisəsi fəaliyyət göstərir.
Rayondakı 3 nömrəli şəhər poliklinikasının baş həkiminin müavini Zərifə Mirzəyeva AZƏRTAC-a bildirib ki, tibb müəssisəsi Dövlət Proqramı çərçivəsində 2010-cu ildə əsaslı təmirdən çıxıb və müasir tibb avadanlığı ilə təchiz edilib. O deyib: “Fevralın 15-dən poliklinikamızda 26.730 sakin tibbi müayinədən keçib. Onların 260-da müxtəlif xəstəliklər üzə çıxarılıb və müalicə təyin edilib. Bundan əlavə, 97 adam dispanserdə qeydiyyata alınıb, 20 adam xəstəxanaya yerləşdirilib”.
Z.Mirzəyeva qeyd edib ki, poliklinikada səyyar həkim briqadası yaradılıb. Briqada cədvələ uyğun olaraq təşkilat, müəssisə və məktəblərdə müayinələr təşkil edir, habelə evlərdə ahıllara və yataq xəstələrinə xidmət göstərir. Xəstəlik üzə çıxarılanda müvafiq müalicə kursu təyin edilir.