ELM VƏ TƏHSİL


Yasamal və Nəsimi rayonları üzrə məktəb seminarları təşkil olunub

Bakı, 5 iyul, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Məktəb seminarları: ilin yekunları və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa”lar davam edir. Belə ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan növbəti “dəyirmi masa”lar Bakının Yasamal və Nəsimi rayonlarının ümumtəhsil müəssisələri üzrə keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə bu qurumun müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak ediblər.

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan “dəyirmi masa”larda istedadlı uşaqlarla iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, məktəblərdə metodiki işin, psixoloji xidmətin və kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Məktəb direktorları üçün keçirilən “dəyirmi masa”da çıxış edən M.Vəliyeva 2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirib, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili, şagirdlərin qiymətləndirilməsi, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyətindən danışıb. O, çıxışında müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, TDM-in fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə toxunub.

Məktəb direktorları qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Sonda müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, paytaxtın ümumtəhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin ikinci il həyata keçirilməsinin məqsədi təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermək”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir. “Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə reallaşdırılan tədbirlərin davamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.