CƏMİYYƏT
Yasamalda keçirilən iməcilikdə 800 dekorativ ağac və bəzək kolu əkilib
Bakı, 12 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Yasamal rayonunda bir neçə yerdə, o cümlədən Mətbuat prospekti və Yeni Dairəvi yolun kənarlarında keçirilən iməcilik zamanı ağac əkilməsi və yaşıllaşdırma tədbiri aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 3 min nəfərin iştirak etdiyi iməcilikdə 800 dekorativ ağac və bəzək kolu əkilib. İməcilik zamanı əkilən ağaclar suvarılib, ətrafı taxta dirəklərlə möhkəmləndirilib.
Bundan başqa rayonun idarə, müəssisə və təşkilatlarına məxsus ərazilərdə 100 ədəd ağac əkilib, abadlıq, sanitariya-gigiyena tədbirləri həyata keçirilib. Həyata keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Biznes Universiteti, Pedaqoji Kollec, 1 nömrəli Tibb Kolleci, 2 nömrəli Baza Tibb Kolleci, Respublika Klinik xəstəxanası, Mənzil Kommunal Təsərrüfat Birliyi və rayonun digər idarə, müəssisə və təşkilatlarının kollektivləri fəal iştirak ediblər.