İDMAN
Yaşar Vahabzadə: Əsas məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr əldə etməkdir
Bakı, 26 aprel, AZƏRTAC
İstər yerli, istərsə də beynəlxalq idmançılar mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırlar.
AZƏRTAC “Bakı-2017”yə istinadla xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında yarışacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə yekun heyətin aprelin 25-dən sonra açıqlanacağını diqqətə çatdırıb.
Bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.
Biz Oyunlara ciddi hazırlaşırıq. Əsas məqsədimiz ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr əldə etməkdir.
“Hələ ki Azərbaycan çempionatı bitməyib. Çempionata aprelin 29-da yekun vurulacaq və mayın 1-dən biz toplanışa start verəcəyik. Əsas məqsəd təbii ki, qrupdan çıxmaqdır. Nə qədər çətin rəqiblərimiz olsa da, qrupdan çıxmağı bacarmalıyıq”, - deyə Yaşar Vahabzadə əlavə edib.
Qeyd edək ki, “A” qrupunda mübarizə aparacaq millimiz mayın 8-də Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, dörd gün sonra isə Mərakeş yığması ilə qarşılaşacaq.