ELM VƏ TƏHSİL
“Yaşıl məktəb” layihəsi genişlənir
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi çərçivəsində yaşıllıq zolaqları salınıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində keçirilən ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı, şagirdlər də iştirak ediblər. Qırx ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxlu ağac əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
“Yaşıl məktəb” layihəsi bu qurumun və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Növbəti tədris illərində digər ümumi təhsil müəssisələrində də məktəb bağının salınması, bütün məktəblərin tədricən yaşıllaşdırılması nəzərdə tutulur. Layihənin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir. Həmçinin canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir.