CƏMİYYƏT
“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirib. Görüş IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30-a yaxın gəncin iştirakı ilə keçirilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, klubun budəfəki görüşü israfçılıq və həddən artıq istifadə mövzusuna həsr olunub. Gənclər təbiət resurslarından qənaətlə istifadə, təkrar emalla bağlı geniş müzakirələr aparıb, qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüb, gündəlik həyatda bu ekoloji problemlərin həll olunması yolları haqda fikir mübadiləsi aparıblar.
ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Beynəlxalq Məktəbinin nümayəndələri klubun xüsusi qonaqları qismində çıxış edərək mövzu ilə bağlı öz fikir və təcrübələrini gənclərlə bölüşüblər.
IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verib. Klub ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanına çevrilib.
IDEA İctimai Birliyi ekoloji və ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək “Yaşıl söhbət klubuna” dəvət edir. Klubun çərçivəsində keçirilən görüşlər barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) mütəmadi məlumat verilir.