CƏMİYYƏT
Yaşıllıq sahəsində obyekt tikintisinə cəhd olunması şikayəti əsassız olub
Bakı, 22 iyun, AZƏRTAC
Sumqayıt şəhər sakinləri Bayraməli Mirzəcanov və Fəxrəddin Mirzəcanov Asfalt zavodu, məhəllə 1 ünvanındakı yaşıllıq sahəsində vətəndaş İlqar Həsənov tərəfindən obyekt tikintisinə cəhd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət komissiya təşkil olunaraq şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ünvanda İ.Həsənov tərəfindən tikilmiş fərdi yaşayış evinin arxa hissəsində 28 sərv, 8 söyüd və 1 qovaq tinglərinin əkildiyi və onların yaş köküstə vəziyyətdə olduğu müəyyən edilib.
Araşdırmada iştirak edən şikayətçi F.Mirzəcanov əvvəllər məişət tullantıları ilə çirklənmiş bu torpaq sahəsini öz daxili imkanları hesabına təmizlədiklərini, burada çoxsaylı ağac tingləri əkdiklərini, onlara xidmət göstərdiklərini, lakin sonradan qonşusu İ.Həsənov tərəfindən həmin ərazidə obyekt tikintisinə cəhd göstərildiyini bildirib. Həmin torpaq sahəsinə keçilmiş baxış zamanı obyekt tikintisi və ağac tinglərinin məhv edilməsi faktı aşkar olunmayıb. Ərazidə hər hansı obyektin tikintisi üçün torpaq sahəsinin ayrılmaması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə, ağac tinglərinin kəsilərək yerində obyekt tikintisi aparılması cəhdlərinin qarşısının alınması üçün Sumqayıt şəhər Polis İdarəsinə, tikinti aparılacağı təqdirdə yaşıllıqların məhv edilməsinə görə cəlb olunacağı məsuliyyət barəsində İ.Həsənova nazirlik tərəfindən məktub göndərilib.
Ərazi Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.