DÜNYA


Yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq

Bakı, 20 iyun, AZƏRTAC

Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə mobil genişzolaqlı şəbəkələrə qoşulmaların sayı 4,6 milyard təşkil edib ki, bu da ötənilki göstəricilərdən 25 faiz daha çoxdur. 2022-ci ilə bu göstəricinin 8,3 milyardadək, mobil rabitə şəbəkələrində trafikin həcminin isə 8 dəfə artacağı gözlənilir.

Məlumata görə, 2017-ci ilin birinci rübündə təxminən 107 milyon nəfər mobil internetdən istifadəyə başlayıb. Beləliklə, hər gün 1 milyondan çox yeni istifadəçi mobil internetə qoşulur.

“Ericsson Mobility Report” hesabatına görə, 2018-ci ildə “LTE” texnologiyası dünyada geniş yayılacaq. 5 il ərzində “LTE” abunəçilərinin sayı 2,5 milyarda yaxınlaşıb, halbuki “3G” şəbəkəsində buna 8 il vaxt lazım olub. 2017-ci ilin birinci rübündə “LTE” şəbəkəsində yeni istifadəçilərin sayı 250 milyon nəfər artıb.

Proqnozlara görə, 2022-ci ilədək 500 milyondan çox abunəçi beşinci nəsil şəbəkəsindən istifadə edəcək və dünya əhalisinin 15 faizi bu şəbəkənin əhatə zonasında yaşayacaq. Yaxın illərdə videoməzmun mobil trafikin həcminin artımına səbəb olacaq. 2016-cı ilin sonuna mobil genişzolaqlı şəbəkələrdə ötürülən məlumatların ümumi həcmində videonun payı 50 faiz təşkil edirdisə 2022-ci ilin sonuna kimi bu göstərici 75 faizədək artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.