SİYASƏT


Yaxın Şərqdə geosiyasi dinamikanın bəzi aspektləri: yeni konfiqurasiya imkanları

A+ A

Bütövlükdə dünya üzrə siyasi vəziyyət sürətlə dəyişir. Suriya böhranı ətrafında da kifayət qədər düşündürücü proseslər baş verir. Ölkə daxilində silahlı toqquşmalar davam edir. Müxtəlif qruplara münasibətdə böyük dövlətlər hələ də ümumi mövqe ortaya qoya bilmirlər. Hansı təşkilatların terrorçu adlandırılmalı olması barədə yekdil fikir yoxdur. Bunun fonunda ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, İran, Türkiyə və Səudiyyə Ərəbistanı nüfuz uğrunda savaşlarını davam etdirirlər. Bu ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdindən sonra proseslər yeni vüsət alıb. İndi ekspertlər regionda geosiyasi konfiqurasiyaların formalaşmağa başladığını vurğulayır, bu prosesdə üstünlüyü bu və ya digər böyük dövlətə verirlər. Müxtəlif ehtimallar irəli sürülür. Ancaq təhlillərin demək olar ki, hər birində Ankaraya xüsusi yer ayrılır. Reallıqda Yaxın Şərqdə hansı ssenarinin həyata keçəcəyini demək çətindir. Bunu zaman göstərəcək. Lakin artıq mövcud vəziyyətin uzun müddət davam edə bilməyəcəyi etiraf olunur. Bu baxımdan hansı ssenarilərdən bəhs etmək olar?

Dəyişən situasiya: qüvvələr balansı yeniləşir

Ekspertlər Yaxın Şərqdə böyük dövlətlər arasında geosiyasi aspektdə yeni münasibətlərin formalaşmaqda olduğu barədə proqnozlar verirlər. Konkret olaraq hansı konfiqurasiyanın meydana gələcəyi haqqında dəqiq fikir yoxdur. Ancaq mövcud şəraitdə mümkün variantlardan danışmaq olar. Burada əsas faktor kimi son aylar regionda müşahidə edilən və siyasi vəziyyətə təsir göstərən məqamlara diqqət yetirilir. Onların sırasında daha çox Türkiyədə baş verən proseslər vurğulanır. Maraqlıdır ki, Yaxın Şərqdə yeni geosiyasi əməkdaşlıq modellərinə də məhz bu amil kontekstində nəzər salınır (bax: məs., Николай Сурков.Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016).

Bu ilin yayında Türkiyədə uğursuz hərbi çevriliş cəhdi bir çox dumanlı başlara aydınlıq gətirdi. Birincisi, məlum oldu ki, Türkiyə regionun bir sıra dövlətləri kimi asanlıqla xaosa sürüklənən deyil. Hətta o, qarşısına çıxarılan maneələri sürətlə dəf etmək, üstəlik, düşmən qüvvələrə bir neçə istiqamətdə sarsıdıcı zərbələr vurmaq iqtidarındadır. Müxtəlif istiqamətlərdən Türkiyəyə qarşı davamlı terror törətmək istəklərinə baxmayaraq, ölkədə nə normal sosial, siyasi, mədəni həyatı poza, nə də təhlükəsizliklə bağlı ciddi problem yarada bildilər. İndi isə türk ordusunun həmlələri qarşısında dovşan kimi qaçırlar.

İkincisi, dünya bildi ki, Türkiyədəki hərbi çevriliş cəhdinin arxasında kənar qüvvələr dayanır. Onlar məhz Ankaranın əzmini qırmaq, ölkəni xaosa sürükləyib, istədiklərini qəbul etdirmək məqsədi ilə bu işə əl atıblar. Ankara ünvan da göstərib – Vaşinqton. Doğrudur, ABŞ rəhbərliyi bunu inkar edir, hətta dərin dostluqdan belə danışır. Lakin Zbiqnev Bjezinski kimi mütəxəssis hərbi çevrilişin sifarişçisinin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) olduğunu bildirirsə, deməli, məsələ çox ciddidir (bax: məs., Obama'nın danışmanı itiraf etti! FETÖ darbesinin arkasında CIA var / "haber7.com", 5 sentyabr 2016).

Üçüncüsü, Türkiyəyə qarşı qərəzli mövqe tutan, onun uğurlarını müxtəlif "arqumentlərlə" aşağılamağa çalışan müəyyən dairələr çətin vəziyyətə düşüblər. Onlara aydın olub ki, Rəcəb Tayyib Ərdoğan iqtidarı hansısa məhdud lokal və regional maraqlardan deyil, böyük dövlətə xas olan strateji məqsədlər müstəvisində addımlar atır. Bununla Türkiyə qədim ənənəsi və regionda həmişə söz sahibi olan dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Siyasi-diplomatik sahə ilə yanaşı, iqtisadi və hərbi sferalarda da qətiyyətli addımlar ata bildiyini sübut etdi. Belə ki, Türkiyə iqtisadiyyatını çevriliş sifarişçiləri xaosa sala bilmədilər. İndi də ölkə özünü toparlayaraq dinamik inkişaf müstəvisinə çıxıb. Siyasi vəziyyət də ölkədə tam sabit olaraq qalır. Cəmiyyət öz hakimiyyətini sözün geniş mənasında dəstəkləyir. Hərbi aspektdə isə türk ordusu iki istiqamətdə – İŞİD və PKK ilə mübarizədə yüksək qabiliyyət nümayiş etdirir.

Bütün bunlar dünyanın böyük geosiyasi güclərinə aşağıdakı reallığı anlatmaqdadır – Türkiyəsiz Yaxın Şərqdə heç bir regional problemi həll etmək mümkün deyil. Nəticənin səmərəli olması üçün Ankaranın bu məsələdə liderliyi qəbul edilməlidir. Hazırda bu həqiqət kontekstində ekspertlər Türkiyə-İran, Türkiyə-Rusiya, Türkiyə-Misir və Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərini analiz etməyə çalışırlar. Bunların fonunda isə Türkiyənin ABŞ, Aİ-nin böyük dövlətləri və Çinlə olan əlaqələrinin perspektivləri haqqında müxtəlif proqnozlar verilir (bax: məs., 'Willen Turkije en Rusland nader tot elkaar komen, is er veel geduld en flexibiliteit nodig' / "npo.nl", 8 avqust 2016 və Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016).

Dominant güc axtarışı: qeyri-müəyyənlik qalır

Nəzərdən keçirilən ssenarilərdə Türkiyənin İranlamı, Rusiya iləmi, Səudiyyə Ərəbistanı iləmi, yoxsa Qərbləmi yaxınlaşacağı barədə fikirlər irəli sürülür. Onların sırasında Ankara-Tehran yaxınlaşmasının əhəmiyyəti xüsusi vurğulanır. Belə fikir var ki, bu əməkdaşlıq regionda bir sıra problemlərin həllinə ciddi təsir edə bilər, o cümlədən Suriya böhranının aradan qaldırılmasında əhəmiyyətli rol oynayar. Çünki Yaxın Şərqin iki ən böyük gücünün ortaq hərəkət etməsi vacib faktor sayılır. Bu zaman Ankara-Ər-Riyad münasibətlərinin perspektivi barədə də danışılır.

Hələlik Səudiyyə Ərəbistanının İranla Türkiyə arasında münasibətlərin inkişafına qarşı olmadığı vurğulanır (bax: Николай Сурков. Неожиданные альянсы в ответ на сирийский кризис / РСМД, 2 sentyabr 2016). Bir tərəfdən, Ər-Riyadla Ankaranın regionla bağlı birgə geosiyasi layihələri vardır. Hər ikisini bir araya gətirən məqamlardan biri radikal dini məzhəbçiliklə mübarizədir. Bundan başqa, Türkiyə NATO-nun üzvü və ABŞ-ın müttəfiqidir. Ankaranın aktiv iştirakı ilə İslam Ordusu yaradılıb.

Enerji sferasında Ər-Riyadın ciddi rəqibi olan İranla bağlı məsələlərdə Türkiyə əhəmiyyətli rol oynaya bilər. O cümlədən iki ölkə təhlükəsizlik aspektində əməkdaşlıq edir. Nəhayət, Səudiyyə Ərəbistanı anlayır ki, müsəlman dövlətləri arasında lazımi səviyyədə əlaqə olmadıqda, kənar qüvvələr regionu cəhənnəmə döndərirlər.

Bunlara rəğmən, ekspertlər hesab edirlər ki, müəyyən səviyyədən sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin maraqları toqquşa bilər. Bundan başqa, Ər-Riyadla Moskva neft faktoruna görə daha sıx əməkdaşlıq modelinə keçid edə bilərlər (bax: Григорий Косач. Возможности для стратегических отношений России и Саудовской Аравии / РСМД, "Аналитические записки", №6, avqust 2016).

Onu da nəzərə alaq ki, ənənəvi olaraq Rusiya ilə İran Yaxın Şərqlə bağlı məsələlərdə ortaq hərəkət ediblər. İndi də Suriya məsələsində Tehranla Moskvanın sıx əməkdaşlığı vardır. Onlar Bəşər Əsəd məsələsinə eyni münasibət göstərirlər. Deməli, situasiyanın necə dəyişməsindən asılı olmayaraq, Rusiya ilə İran arasında əlaqələr inkişaf edəcək. Çətin ki, bir sıra ekspertlərin vurğuladığı kimi, enerji faktoru tərəflər arasında münasibətlərə soyuqluq gətirsin.

Məsələnin digər tərəfi Türkiyənin Qərblə geosiyasi-hərbi və iqtisadi əməkdaşlıqda maraqlı olmasına bağlıdır. Son dövrlərdə bu istiqamətlərdə müəyyən gərginliklər meydana gəlsə də, bütövlükdə onlar arasında soyuqluğun dərinləşməyəcəyi ehtimalı daha çoxdur.

Ankara çox yaxşı bilir ki, Qərbi qlobal miqyasda başqa böyük gücə dəyişmək ciddi strateji yanlışlıqdır. Çünki həm Qərb xeyli qüdrətlidir, həm də dünyanın özü çoxqütblü modelə transformasiya etməkdədir. Belə şəraitdə ən səmərəli seçim balanslaşdırma ola bilər. Türkiyə kimi böyük, şərəfli bir keçmişi olan dövlətə bunları anlatmaq doğru olmazdı.

Bəs onda Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyaların yaranmasından söhbət hansı mənada gedir? Bizcə, hazırkı mərhələdə regiondakı proseslərin mərkəzində Türkiyə dayanır. Ankara öz iradəsini ortaya qoyub və bir müddət əleyhinə işləyən faktorları neytrallaşdırır. Terrorla mübarizədə əldə etdiyi konkret nəticələr onun ciddi oyunçu olduğunu təsdiqləyir. Deməli, yeni geosiyasi konfiqurasiyada Türkiyənin yeri və rolu dəqiqləşdirilməlidir. İndi məhz həmin proses getməkdədir.

Məsələ üstünlüyün ABŞ-amı, yoxsa Rusiyayamı verilməsində deyil. Məsələ Türkiyənin nə dərəcədə qüvvələr balansında yer tutacağındadır. Onun həmin müstəvidə Səudiyyə ilə İran arasında ayırıcı deyil, birləşdirici rol oynayacağı şübhə doğurmur. Bu səbəblərə görə, bir sıra qərəzli ekspertlərin təqdim etməyə çalışdığı kimi, Türkiyə situasiyanın qurbanı deyil, onun yaradıcısıdır. Təxmin etmək olar ki, Ankara bu funksiyasını uğurla yerinə yetirəcək və regionda tarixi ədalətin bərpasına təkan verən əsas qüvvəyə çevriləcək.

Newtimes.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.