REGİONLAR


Yaxın günlərdə Ağcabədidə yeni çörək və un məmulatları zavodu fəaliyyətə başlayacaq VİDEO

A+ A

Ağcabədi, 10 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Bu baxımdan respublikamızın regionlarında ən müasir texnologiyaların tətbiqinə əsaslanan çörəkbişirmə müəssisələri yaradılır. Belə müəssisələrdən biri də Ağcabədi şəhərində yeni inşa edilən çörək və un məmulatları zavodudur.

“Cahidoğlu” MMC tərəfindən müasir texnologiyalar əsasında yaradılan zavodun tikintisində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə güzəştli kreditlərdən də istifadə olunub. Hazırda müəssisədə tamamlama işləri aparılır.

Çörək və un məmulatları zavodunun direktoru İlqar Yusifov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, tikintisinə 2013-cü ildə başlanan zavodun istehsal gücü 1 saata 2250 kiloqramdır. İki istehsal korpusundan ibarət zavodun ümumi sahəsi 2100 kvadratmetrdir. Zavodda Çexiya, Türkiyə, Rusiya və Fransa istehsalı olan istehsal xətti və köməkçi avadanlıqlar quraşdırılıb. Bundan başqa, zavod daimi enerji daşıyıcıları (1,6 kilometr işıq xətti, 5 kilometr məsafədən orta təzyiqli qaz xətti və su təminatı üçün artezian quyusu) ilə təmin edilib. Zavodda istehsal olunan məhsulların Ağcabədi və ətraf rayonların istehlakçılarına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri də alınıb.

Müasir texnologiyanın tətbiqi yüksəkkeyfiyyətli çörək və un məmulatlarının istehsalına imkan verir. Müəssisədə zavod çörəyi, baton, dietik çörəklər, bulka və şirniyyat məhsulları istehsal ediləcək. Bulka və şirniyyat istehsal edən birinci korpusda birnövbəli, çörək istehsal edilən ikinci korpusda isə ikinövbəli iş rejimi tətbiq edilməklə, 50 nəfərdən çox insan işlə təmin olunacaq. Müəssisənin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur.

İlqar Yusifov sahibkarlıq fəaliyyətini genişləndirmək fikrində olduğunu da bildirib: “Respublikamızda sahibkarlığın inkişafı üçün geniş imkanlar var. Prezident İlham Əliyevin özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğı biz sahibkarlara əlavə stimul verir, fəaliyyətimizi daha da genişləndirməyə həvəsləndirir. Bu şəraitdən istifadə edərək, hazırda “Cahidoğlu” MMC-yə məxsus istehsal kompleksində mebel istehsalı, plastik və alüminium qapı-pəncərə hazırlayan sexlər yaradırıq. Eyni zamanda, ərazidə meyvə bağı salınıb. Altı hektar sahədə müasir istixana kompleksinin yaradılması da nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi ilə əhalinin ərzaq və qeyri-ərzaq məhsulları ilə təminatına, yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyik”, – deyə sahibkar qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.