İQTİSADİYYAT
Yaxın günlərdə Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində təmir işləri yekunlaşacaq
Bakı, 27 aprel, AZƏRTAC
Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1,7 kilometrlik ərazidə təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən ərazidə köhnə asfalt-beton qatının üst hissəsi qaşınaraq, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur.
Rayonun Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər görülür.
Ümumi uzunluğu 820 metr olan küçənin 3 min 200 kvadratmetr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7 min 800 kvadratmetr sahədə isə təmir işləri həyata keçirilir.
Küçə boyu səki daşlarının 80 faizi yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur. Metronun “Elmlər Akademiyası” stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafinda qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.
Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.
Yaxın günlərdə bu küçələr təmirdən sonra sürücülərin ixtiyarına veriləcək.