REGİONLAR
Yaxın günlərdə ölkəmizə 140-a yaxın müasir pambıqyığan kombayn gətiriləcək
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “John Deere” şirkətinin nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparılması olub.
Nazir Heydər Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial imkanların olduğunu nəzərə çatdırıb. Heydər Əsədov “John Deere” şirkətinin fəaliyyəti üçün Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılmasını, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsini məqsədəuyğun sayıb.
Həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb.
“John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirdiklərini, bu əlaqələrin bundan sonra da genişləndirilməsinə önəm verdiklərini vurğulayıb. Bildirib ki, yaxın günlərdə Azərbaycana 140-a yaxın müasir pambıqyığan kombayn gətiriləcək.
O, gələcək imkanları müzakirə etmək, Almaniyada traktor, kombayn istehsalı, Avropa Ehtiyat Hissələri Mərkəzi və kənd təsərrüfatı texnologiyaları ilə yaxından tanış olmaq məqsədilə nazir Heydər Əsədovu Manhaym şəhərində şirkətin Avropa qərargahına dəvət edib.