REGİONLAR
Yaxın illərdə tütün əkini sahələrinin 16 min hektara çatdırılması nəzərdə tutulur
Bakı, 1 avqust, AZƏRTAC
Respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə nazirliyin, əlaqədar dövlət orqanlarının tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, bu məhsulun növlər üzrə tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlər tətbiq ediləcəyi nəzərdə tutulub. Hazırda fermerlərə hər hektar tütün əkininə görə əlavə 40 manat subsidiya verilir, güzəştli qiymətlərlə (80 faiz) mineral gübrələr və lizinq yolu ilə (40 faiz güzəştlə) müasir texnika, avadanlıqlar, suvarma sistemləri satılır, yüksək keyfiyyətli bitki sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işləri aparılır.
“Respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, növbəti illərdə tütün əkini sahələrini 16 min hektara çatdıra bilək. İyulun 1-nə olan məlumata görə, respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar çoxdur. Hazırda bu bitkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir”, - deyə şöbə müdiri bildirib.