REGİONLAR
Yaxın üç ildə qərb bölgəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq
Tovuz, 20 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən reallaşdırılan “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” (SAF) layihəsi çərçivəsində yaxın üç ildə qərb bölgəsində 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq.
Layihə Azərbaycanın Gəncə-Qazax iqtisadi regionuna daxil olan 9 inzibati rayonu (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy) əhatə edir. Layihənin fəaliyyət planına uyğun olaraq üç il ərzində bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalardan istifadə etməklə Azərbaycanda 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə bütün ölkəmizin aqrar sektorunda tətbiq edilə biləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Tovuz rayonunda layihənin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə-Qazax iqtisadi regionundan olan meyvə-tərəvəz və bal istehsalçıları, emalçılar, ticarətçilər, təchizatçılar, həmçinin dövlət, yerli özünüidarəetmə orqanlarının, müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov, Gəncə Aqrobiznes Assosiasiyasının idarə heyətinin üzvü Anar Babayev və layihənin meneceri Yalçın Nəsibov çıxış edib, layihənin icra mexanizmi haqqında məlumat veriblər. Sonra dövlət orqanları təmsilçilərinin və potensial layihə benifisiarlarının fikirləri dinlənilib.