REGİONLAR
İrina Kordon: Əsas məqsədimiz Almaniya və Azərbaycan gəncləri arasında dostluq münasibətlərinin yaranmasıdır
Şəki, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Almaniyanın “E.ON” şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda təşkil olunan yay düşərgəsinin iştirakçıları bölgələrə ekskursiya proqramı çərçivəsində Şəkidə olublar.
Düşərgənin rəhbəri İrina Kordon AZƏRTAC-a müsahibəsində yay düşərgəsi proqramının məqsədi barədə məlumat verərək deyib: “Bu düşərgə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlıq proqramı çərçivəsində təşkil edilib. Almaniyalı uşaqlar ilk dəfədir Azərbaycana gəliblər. Əsas məqsədimiz odur ki, hər iki ölkənin uşaq və gəncləri arasında dostluq münasibətləri yaransın. Uşaqlar ölkələrimizin tarixinə, mədəniyyətinə yaxından bələd olsunlar”.
İrina Kordon qeyd edib ki, proqrama uyğun olaraq alman uşaqlar əvvəlcə bir neçə gün Bakıda şəhərin gəzməli, görməli yerləri ilə tanış olublar. Bölgələrə ekskursiya proqramına əsasən, onlar Qobustan, Şamaxı, İsmayıllı və Qəbələnin tarixi məkanlarına, görməli yerlərinə də baş çəkiblər. Şəki ilə tanışlıqdan sonra isə Gəncə şəhərinə, Göygöl və Şəmkirə ekskursiya edəcəklər.
Ekskursiyanın çox maraqlı keçdiyini vurğulayan düşərgənin rəhbəri deyib: “Ümumiyyətlə, Bakı şəhəri və bölgələrlə tanışlıq uşaqların ürəyincədir. Onlar yeni mədəniyyətlə tanış olurlar. Bu, onlar üçün çox maraqlıdır. Təbii ki, iki həftə müddətində Azərbaycan kimi zəngin mədəniyyətə malik olan bir ölkəni gəzib dolanmaq, yaxından tanımaq mümkün deyil. Ümid edirik ki, bu layihə davamlı olacaq. Ola bilsin ki, düşərgə iştirakçılarının bəziləri gələcəkdə bu şirkətlərdə çalısacaqlar. Onda şirkətlərimiz arasında əlaqələr daha da möhkəmlənəcək”.