ELM VƏ TƏHSİL
“Yay məktəbi” layihəsi başa çatıb
Bakı, 26 iyul, AZƏRTAC
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Yay məktəbi” layihəsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihəyə uyğun olaraq, iyulun 13-dən 21-dək Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərinin hər birində iki gün olmaqla məktəblilər üçün yay məktəbləri təşkil edilib. Yay məktəblərində müvafiq bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-dək şagird iştirak edib.
Layihə müddətində şagirdlər qruplar şəklində “Sağlam təhsil!”, “Azərbaycan üçün oxu!”, “Emosional zəka”, “Özünə kömək et!”, “Səndən nə asılıdır?” mövzularında təlimlərdə iştirak ediblər. Həmçinin məktəblilər “Mən bir aktyoram” sosial tamaşasına və “Nə? Harada? Nə zaman?” intellektual oyununa qatılıblar.
Layihə Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, “SABAH” qrupları, “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilib.
Layihənin rəsmi informasiya dəstəkçiləri “Təhsil” TV və “Region” TV-dir.
“Azərbaycan üçün öyrət” layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.