CƏMİYYƏT


Yay mövsümü uşaqlar arasındakı xəstəliklərin əsas səbəbi qidalanma ilə əlaqədardır

Bakı, 14 iyul, AZƏRTAC

“Yay fəsli üçün xarakterik olan xəstəliklər arasında həzm pozğunluqları, mədə-bağırsaq orqanlarının xəstəlikləri birinci yerdə durur. Bu, ilk növbədə, həmin mövsümdə meyvə-tərəvəzlərin, giləmeyvələrin çoxluğu və havaların isti keçməyi ilə əlaqədardır. Ona görə həmin mövsümdə uşaqlar arasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma ilə müşahidə olunan qida zəhərlənmələrinə daha tez-tez təsadüf edilir. İstivurma və günvurma halları da ən çox təsadüf olunan xəstəliklər sırasındadır. İlan sancması, ağcaqanad və həşəratların dişləməsinə bu fəsildə çox rast gəlinir. Nəhayət, yay mövsümündə allergik xəstəliklər də kifayət qədər geniş yayılır”, - deyə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev yay mövsümündə uşaqlar arasında geniş yayılan xəstəliklər mövzusunda jurnalistlər üçün keçirdiyi mətbuat konfransına bu sözlərlə başlayıb.

AZƏRTAC xəbər verir ki, baş pediatr yay xəstəlikləri barədə danışarkən valideynlərin də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: “İlk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamının təmiz su ilə qidalanması mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Bununla yanaşı, qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, havalar isti olduğuna görə onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır. Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal mütləq həkimə müraciət edilməsi zəruridir. Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə zərər gətirir.”

İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor deyib: “Təbiətin bəxş etdiyi günəş, hava, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu var. Lakin müəyyən rejim və qaydalara əməl etməyəndə istivurma və günvurma kimi ağır hallarla üzləşirik. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda dəri və baş beyin problemləri görünür.”

Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib. Özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödeminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.