İQTİSADİYYAT
Yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı açıqlanıb VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Məlum olduğu kimi, yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər göstərir ki, cari ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 min 233 nəfər təşkil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 560 min 688-zi yerli turistlər, 47 min 545-i isə xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2 faiz və ya 45 min 984 nəfər çoxdur.
Aparılan araşdırmalara əsasən demək olar ki, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.