ELM VƏ TƏHSİL


Yay qəbul və buraxılış imtahanlarının vaxtı açıqlanıb

Bakı, 25 may, AZƏRTAC

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçiriləcək yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün təşkil ediləcək qəbul imtahanlarının tarixləri müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları iyunun 17, 23 və 30-da aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

Belə ki, imtahanlar iyunun 17-də Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikasında, 23-də Lənkəran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızıda, 30-da isə Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada keçiriləcək.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Bakı şəhərindəki xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasındakı məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahanlar iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də aparılacaq.

Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.