ELM VƏ TƏHSİL
Yayda keçiriləcək qəbul imtahanlarında iştirak üçün elektron ərizə qəbulu mayın 22-dək davam edəcək
Bakı, 15 may, AZƏRTAC
Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün elektron ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini göstərmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istəsələr mayın 22-dək DİM-in saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməlidirlər.
Bundan əlavə, təsdiqlənmiş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
Martın 16-dan aprelin 11-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiqləməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiqlətdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər.
İkinci qəbul imtahanında iştirak etmək, eləcə də təsdiqlənmiş elektron ərizələrində əlavələr etmək üçün abituriyentlər əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.
Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiqlətdirməli olan abituriyentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər.