İDMAN
Yayla Kılıc: Çox şadam ki, qardaş ölkədə keçirilən marafonda birinci oldum
Bakı, 30 aprel, AZƏRTAC
Çox şadam ki, qardaş ölkədə - Azərbaycanda keçirilən belə bir marafonda birinci oldum.
AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”də qadınlar arasında finiş xəttinə birinci çatan iştirakçı Türkiyə vətəndaşı Yayla Kılıc deyib.
Əslən İğdır vilayətindən olan Y.Kılıc jurnalistlərə müsahibəsində bildirib: “Yarışdan əvvəl Antalyada təşkil edilən “Runatolia” marafonunda 1 saat 21 dəqiqəlik nəticə ilə birinci olmuşdum. Bu gün Bakıda da qalib gəlməyim məni hədsiz sevindirdi. Çox şadam ki, qardaş ölkədə belə bir marafonda birinci oldum”.
Bakı Marafonunda ilk dəfə iştirak etdiyini vurğulayan qardaş ölkə təmsilçisi vurğulayıb: “Marafon çox gözəl keçdi. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Gələcəkdə Bakıda yenə də marafon təşkil edilərsə, məmnuniyyətlə gəlib iştirak edəcəyəm”.