CƏMİYYƏT


Yaz aylarında dünyaya gələnlərdə bronxial xəstəliklərə daha çox rast gəlinir

Bakı, 26 iyul, AZƏRTAC

Dünya praktikasında ən aktual ağciyər problemləri vərəm, astma, xroniki obstruktiv ağciyər xəstəlikləridir. Ümumiyyətlə, Qafqaz zonası, o cümlədən Azərbaycan və Türkiyə ərazisi vərəmin təbii ocağı hesab edilir. İnsanların bir çox hissəsi infeksiyalaşmış vəziyyətdədir. Hazırda müxtəlif müasir proqramlar üzrə vərəmin müalicəsinin inkişafı davam etdirilir. Bu sahədə dünyada ən aktual problemlərdən biri də rezistentdir. Yəni, dərmana qarşı həssaslığın olmaması. Vərəm preparatları iki qrupa ayrılır. Birinci qrup əsas, ikinci qrup isə müəyyən qədər effektivliyi az və digər təsirləri çox olanlardır.

Bu sözləri Mərkəzi Klinikanın terapiya şöbəsinin müdiri, həkim-pulmanoloq Manaf Abbasov AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

Həkim deyib: “Xroniki obstruktiv ağciyər xəstəlikləri və astma dünyada ən çox rast gəlinən aktual xəstəliklərdəndir. Dünyada ölüm səbəbləri sırasında xroniki obstruktiv ağciyər xəstəlikləri təxminən 4-5-ci yerlərdədir. Astma və obstruktiv bronxit oxşar xəstəliklərdir. Astma bronxların spazmı, obstruktiv bronxit isə bronxların daralması ilə müşayiət olunur. Astma hər yaşda aktual problemlərdəndir. Gedişatına görə ağır olmasına baxmayaraq, uşaq astmaları xoşxassəlidir. Düzgün və zamanında allergen təyini, müalicə və profilaktika aparıldıqda onlar böyük yaşlarda hər 10 uşaqdan 6-7-sinin tamamilə sağalması mümkündür. Böyük yaşlarda başlayan astmalar isə adətən ömürlük davam edən xəstəliklər qrupuna aid edilir. Bu zaman ömürlük müalicə tələb olunur. Bu qrup astmalarda da düzgün müalicə və kontrol zamanı xəstəliyin heç bir narahatlıq verməməsi, hətta illərlə ara verməsi mümkündür. Müasir dərmanlar bu baxımdan çox böyük əhəmiyyət kəsb edir”.

Manaf Abbasov bildirib ki, astmanın tərifi tez-tez reseditləşməyə meyilli bronxların xüsusi iltihabi xəstəliyidir. Müasir təsnifatda bu xəstəlik allergik, qeyri allergik və qarışıq olmaqla üç qrupa ayrılır. Allergik mənşəli astmalar adətən xəstələri daha çox narahat edir. Bu da xəstəliyin kökündə allergiyanın yatması ilə əlaqədardır. Müasir dövrdə təəssüf ki, allergiyanın tam müalicəsi olmadığına görə xəstəliyi sona qədər müalicə etmək mümkün olmur. Lakin burada da yenə uzunmüddətli allergiya əleyhinə müalicə, həmçinin spesifik desensifilizasiya və ya immunoterapiyanın aparılması, klassik astma müalicəsi xəstələrə çox kömək olur. Astmanın dörd dərəcəsi var. Yüngül dərəcə özü iki qrupa bölünür. Nisbətən davamlı və ya uzunmüddətli fasilələrlə şikayətləri olanlar. Ağırlıqdan asılı olaraq, şikayətlərin daimilik xarakteri də artır. Ən ağır dərəcədə isə xəstələr artıq sakit vəziyyətdə belə daimi təngnəfəslik, sinədə xışıltılar və fit səslərindən əziyyət çəkir. Bunları müalicə etmək mümkündür. Astmanın ən ağır forması astmatik statusdur ki, bu da boğulma vəziyyətidir. Bu vəziyyətdə belə vaxtında müdaxilə edildikdə xəstələri müvəffəqiyyətlə müalicə etmək mümkündür.

Dünyada bu xəstəlikdən ölənlərin statistika faizi ölkələrə görə dəyişir. Son dövrlərdə müasir dərmanların hazırlanması və istifadəsi ilə astmadan ölüm faizi azalmaqdadır. Əvvəllər 7-8 növ dərman qəbul edən xəstələr hazırda onu bir və ya iki dərmanla müvəffəqiyyətlə müalicə etmək və hətta profilaktik müalicəyə qədər endirmək mümkündür. Astmadan ölüm halları əksər hallarda pnevmaniya, şiddətli soyuqlamalar, kəskin ağciyər çatışmazlığı kimi yanaşı xəstəliklər əmələ gəldikdə baş verir. Astmatik statuslar təbii ki, bu vəziyyətdə çox böyük rol oynayır. Astmadan ölüm halları əsasən xəstəliyin sonrakı mərhələdə müalicəsinin düzgün aparılmaması nəticəsində onun xroniki obstruktiv bronxitə çevrilməsi zamanı baş verir. Bu da bronxların qalıcı daralması ilə müşahidə edilir. Bu zaman müalicəyə baxmayaraq, xəstədə kliniki yaxşılaşma müşahidə edilsə, daralmanı aradan qaldırmaq mümkün olmur. Abstruktiv bronxit əmələ gəldikdə davamlı inkişaf edən xəstəlikdir. Onun yaranmasının müxtəlif səbəbləri var ki, bunların da ən birincisi kimi siqareti misal çəkmək olar. Lakin müxtəlif soyuqlamalar, ardıcıl keçirilmiş pnevmaniya və ya qripal infeksiyalar bronxların daralması və sonralar bu daralmanın sürətlə inkişaf etməsinə səbəb olur. Sakit halda təngnəfəslik olduğu təqdirdə bu, artıq üçüncü dərəcəli obstruktiv bronxitdir. Bu, xəstənin iki ildən az yaşayacağını göstərir. Belə xəstələri yanaşı yaranan infeksiyalar səbəbindən qısa müddətdə itirə bilərik.

Həkim qeyd edib ki, bu xəstəliyin genetika ilə bağlılığı tam sübut olunmayıb. Obstruktiv bronxitlərdə bu, sırf xarici faktorlara bağlı bir problemdir. Lakin bronxial astmalarda allergik mənşəli olan proseslərdə, xüsusilə astmalarda bunu genetika ilə bağlamaq mümkündür. Valideynərində allergiya və ya astma xəstəliyi olanlarda bu problemə daha çox rast gəlinir. Valideynin birinin astmalı xəstə olduğu təqdirdə uşağın bu problemlə üzləşmə ehtimalı 10-15 faiz təşkil edir. Hər iki valideynin bu xəstəlikdən əziyyət çəkdiyi təqdirdə bu 30-40 faizdən də yüksək ola bilər. Bu, genetik faktorlu astmalarda mühüm rol oynayır. Allergik meyillilərin övladlarının astma olma ehtimalı yüksəkdir. Aparılan müşahidələr göstərir ki, valideynin hansı yaşda xəstəliyə tutulmasından asılı olaraq, uşaqda da astmanın meydana çıxması o yaşa təsadüf edir. Bu, erkən uşaqlıq, yeniyetməlik və ya yetkinlik yaşında ola bilər. Ümumiyyətlə, astmaya tutulmanın yaşı yoxdur. Astmada belə bir xüsusiyyət var ki, insanların doğulma tarixlərinə görə də astmanın yaranma tezliyi dəyişə bilər. Müşahidələrimizə əsasən deyə bilərəm ki, allergenlərin kəskinləşdiyi yaz aylarında dünyaya gələnlərdə astmaya rast gəlmə tezliyi digər aylara nisbətən daha çoxdur. Bu, fevral-may aylarına təsadüf edir. Belə ki, allergiyaların kəskinləşmə dövrü fevralın ikinci yarısından mayın sonlarınadək davam edir.

Genetik faktorlardan asılı olaraq bu xəstəliyə anadangəlmə meyillilik olur. Allergik meyilli doğulanlarda allergiya xarici mühit faktorlarının təsirindən meydana çıxır və sonradan bu proses astmaya qədər davam edə bilir. Adətən altı yaşa qədər uşaqlarda astma diaqnozu qoymağa tələsmirik. Belə ki, bronxial həssaslıq deyilən bir anlam var. Uşaq yaşlarda bronxların həssaslığı həddən artıq yüksək olur. Adi bir qıcıqlandırıcılar bronxlarda spama qədər gətirib çıxara bilər. Uşaqlarda belə hallar meydana çıxdıqda bəzən səhvən astma diaqnozu qoyulur. Lakin allergik göstəricilərin normal olması bu diaqnozun aradan qaldırılmasına kömək edir. Altı yaşdan yuxarı uşaqlarda boğulma tutmaları, öskürəklər, xışıltılı tənəffüs varsa bu, artıq astmanın əlamətləridir. Bu zaman yalnız müasir diaqnostika üsulları vasitəsilə aparılan araşdırmalardan sonra astma diaqnozu qoymaq mümkündür.

“Astmanın ilkin əlamətləri dərəcəsindən asılı olaraq dəyişir. Misal üçün yaşadığı mühiti dəyişənlərdə sinədə xışıltılar əmələ gələrsə, bu da artıq astma əlaməti kimi qəbul edilə bilər. Ümumiyyətlə isə astmanın ən yayğın əlaməti nəfəs daralmalarıdır. Adətən belə insanlar nəfəslərini rahat alır, nəfəs verməkdə isə çətinlik çəkirlər. Xəstəliyin dərəcəsi artdıqda sinədə xışıltılar, fit səsi əmələ gəlir ki, bu da əsas əlamətlərdən biridir. Bəzən də astma əlaməti olaraq boğulmaşəkilli öskürəklər meydana çıxır. Xəstəliyin irəliləməsi ilə isə onun tam əlamətləri ortaya çıxır. Bunlar hərəkət zamanı xışıltı ilə müşahidə edilən təngnəfəslik, sinədə fit səslərinin eşidilməsi, rentgen zamanı ağciyərdə müşahidə edilən anormallıqlar, analizlərdə allergik göstəricilərin yüksək olmasıdır. Ailə anamnezi və obyektiv müayinə astma diaqnozunun qoyulmasında əsas rol oynayır.

Uşaq yaşlarda, başladığı yaşdan asılı olmayaraq, düzgün müalicə, profilaktika olunduqda yeniyetməlik dövründə xəstəlik əsasən aradan qalxır. Lakin düzgün müalicə olmadığı təqdirdə xəstəliyin fəsadları kimi ağciyərlərdə qalıcı hava artışı yarana bilər ki, bu zaman xəstəlik ömürlük xarakterli olur. Şəxsən mənim fikrimcə, düzgün diaqnostika, profilaktika və müalicə olduğu təqdirdə astma çox böyük problemli xəstəlik deyil”, - deyə həkim-pulmanoloq Manaf Abbasov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.