ELM VƏ TƏHSİL
“Yaz həyəti” layihəsi çərçivəsində iməcilik
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da “Yaz həyəti” layihəsi çərçivəsində təhsil müəssisələrində iməcilik keçirilib.
Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilən “Yaz həyəti” layihəsinin məqsədi şagird və tələbələr arasında ətraf mühitin qorunmasına dair maarifləndirmə işinin aparılmasıdır.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, layihə 48 rayon və şəhər üzrə ali, ilk peşə və orta ixtisas, eləcə də ümumi təhsil müəssisələrində həyata keçirilir. Mayın 1-dək təhsil müəssisələrinə ayrılmış 12 minədək ağac tingi tədris ocaqlarına aid həyətyanı sahədə əkiləcək. Həmçinin “Yaz həyəti” layihəsi çərçivəsində Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsində müsabiqə keçiriləcək. Müsabiqənin şərtlərinə uyğun olaraq, seçilmiş məktəblər pedaqoji kollektivin, şagirdlərin və tələbə-könüllülərin iştirakı ilə təhsil müəssisəsinin həyətyanı sahəsinin təmizlənməsini, yaşıllığın salınmasını, ağacların gövdəsinin əhənglənməsini həyata keçirəcək. Layihənin sonunda Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının nümayəndələri tərəfindən qalib müəyyənləşdiriləcək.