REGİONLAR
Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 13 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi və ali təhsil mühitinin formalaşmasında Naxçıvan Dövlət Universitetinin artan nüfuzundan və son illərdə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, ERASMUS+, TEMPUS layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq ilbəil genişlənir. Rektor hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitet gənclərinin göstərilən yüksək qayğıdan bəhrələndiklərini, elmi biliklərini artırdıqlarını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında vurğulayıb ki, son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti məzunları bu gün muxtar respublikanın ictimai-siyasi həyatında fəal rol oynayır, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlət orqanlarında çalışır, dövlətçiliyin möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Sonra müsabiqə komissiyasının sədri, jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva müsabiqənin nəticələrini açıqlayıb. Dünya ədəbiyyatı ixtisası üzrə II kurs magistrant Səbinə Əliyeva “Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı yazı müsabiqəsinin qalibi elan olunub. Menecment ixtisası üzrə IV kurs tələbəsi Əjdər Hacızadə II, jurnalistika ixtisası üzrə IV kurs tələbəsi Telli Mustafayeva isə III yeri tutub. Jurnalistika ixtisasının IV kurs tələbəsi Aygün Kürdova, pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistrant Günel Nəsirli həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqədə fərqlənən tələbələr universitetin rektoru tərəfindən sertifikat və pul mükafatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu tərəfindən diplomla təltif olunublar.
Mükafatçılardan Əjdər Hacızadə göstərilən diqqət və qayğıya görə tələbələr adından minnətdarlığını bildirib.