REGİONLAR
Yazıçı-publisist Yaşar Fətiyevin anadan olmasının 74-cü ildönümü qeyd olunub
Sumqayıt, 6 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin akt zalında iyulun 6-da ictimai xadim, yazıçı-publisist Yaşar Fətiyevin anadan olmasının 74-cü ildönümü və “Qubadlı görüşünə gəlmişəm”, “Dolub-boşalan Qubadlı”, “Dağların dağın gətirmişəm” adlı kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisi, general-mayor Nizaməddin Həmidov, Yaşar Fətiyevin ailə üzvləri və yaxınları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Yaşar Fətiyevin kitablarından təşkil olunmuş sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Yaşar Fətiyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Yaşar Fətiyevin həyat yoluna nəzər salaraq bildirib ki, o, 1943–cü ildə Qubadlı şəhərində dünyaya göz açıb. Əmək fəaliyyətinə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra Bakıda Layihə İnstitutunda mühəndis vəzifəsindən başlayıb. Sonra Sumqayıt şəhər 2 saylı Ərazi Nəqliyyat Departamentində dispetçer, 1971-ci ildən 2006-cı ilə kimi müxtəlif istehsalat birliklərində rəis vəzifələrində çalışıb. Qubadlı Təmir-Tikinti İdarəsində iş icraçısı, Əhaliyə Məişət Xidməti Kombinatının direktoru, Kolxozlararası Tikinti İdarəsinin rəisi, Maddi-Texniki Təchizat Mexanikləşdirmə üzrə İstehsalat Birliyində müdir, avtomobil nəqliyyatı müəssisəsində rəis vəzifələrində işləyib.
Qeyd edilib ki, Yaşar Fətiyev 1980-ci illərdə dağ kəndlərindən rayon mərkəzinə 30 kilometr uzunluğunda içməli su xətti çəkdirib və digər xeyirxah işlərin sahibi olub. 1989-cu ildə rayon kommunist partiyasının bürosunda Qubadlı rayon özünümüdafiə qərargahının rəisi kimi təsdiq edilib. Ermənistanla 120 kilometr həmsərhəd olan Qubadlının cəbhəboyu müdafiə zolağında əhalinin təhlükəsizliyini və müdafiəsini təşkil edib.
Görüşdə Azad Hacıyev, Çərkəz Məmmədov və digərləri Yaşar Fətiyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Yaşar Fətiyev rayonun işğalından sonra şahidi olduğu hadisələri olduğu kimi şərh edib, Qubadlı haqqında 3 tarixi sənədli kitab yazıb.
Sonra kitabların müəllifinin ailə üzvləri adından oğlu Elmar Fətiyev atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.