MƏDƏNİYYƏT
“Yazıçı”nın son buraxılışı xalq yazıçısı Anara həsr edilib
Bakı, 30 mart, Z.Mansurova, AZƏRTAC
“Oğuz eli” qəzetinin ayrıca buraxılışı olan “Yazıçı”nın mart nömrəsi Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara həsr olunub.
AZƏRTAC xəbər verir ki, nəşrin ilk səhifələrində yazıçıya ünvanlanmış təbrik məktubları yer alıb. Daha sonra Rəsul Rzanın, Nigar Rəfibəylinin Anara həsr olunmuş şeirləri, yazıçının bacılarının, ailə üzvlərinin fikirləri, esselərindən parçalar oxuculara təqdim olunub.
“Yazıçı”da Anar yaradıcılığı haqda ölkədən kənarda çap olunmuş müxtəlif müəlliflərin, xarici tənqidçilərin yazılarından parçalar verilib. Eyni zamanda Azərbaycan ədəbiyyatşünas-tənqidçilərinin də fikirlərindən bəzi məqamlara yer ayrılıb.
Xalq yazıçısı Elçinin, xalq şairləri Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının və digər müasir söz adamlarının Anar haqqında müxtəlif vaxtlarda mətbuat səhifələrində çap olunmuş yazılarından, müsahibələrindən müəyyən məqamlar da nəşrdə işıqlandırılıb.
“Yazıçı”nın bu sayı Anara aid dostluq şarjları ilə yekunlaşıb.