İQTİSADİYYAT
Yeddi ayda emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz artıb
Bakı, 10 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə içkilərin istehsalı 30 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5 faiz, geyim istehsalı 49 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3 faiz, kağız və karton istehsalı 0,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3 faiz, tikinti materiallarının istehsalı 38,3 faiz, kompüter və elektron məhsulların istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı 69 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,3 faiz, mebel istehsalı 26,1 faiz artıb. Tütün məmulatlarının istehsalı 23,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 43,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz, hazır metal məmulatlarının istehsalı 30,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalıb.