CƏMİYYƏT


“Yehovanın Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıblar

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yehovanın Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir. Ölkəmizdə dini etiqad azadlığı təmin edilir. Ölkə əhalisinin 96 faizinin İslam dininə mənsub olduğunu diqqətə çatdıran komitə sədri milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu vurğulayıb. O, ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Mübariz Qurbanlı Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradıldığını, “Yehovanın şahidləri”nin də Azərbaycanda icmasının olduğunu, lakin yenidən dövlət qeydiyyatından keçmədiyini onların diqqətinə çatdırıb.

Görüşdə qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.