SİYASƏT
Yekaterinburqda Respublika Günü qeyd olunub
Yekaterinburq, 30 may, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulluğunun təşkilatçılığı ilə Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tədbiri açaraq ölkəmizin müstəqillik yolunda keçdiyi tarixi dönəmlərə nəzər salıb. O, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-1993-cü illərdə ölkəmizdə hərc-mərcliyin hökm sürdüyünü və məhz 1993-cü ildə xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsinin qarşısının alındığını və Azərbaycanın bütün sahələrdə sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib.
Baş konsul ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi baxımdan xeyli güclənərək regionun aparıcı dövlətinə çevrildiyini və dünya birliyində layiqli yer tutduğunu qeyd edib.
S.Qasımov qarşıdan gələn “Bakı-2015” birinci Avropa Oyunları və 2015-ci ildə Yekaterinburqda keçiriləcək VI Rusiya-Azərbaycan Regionlararası Forumu ilə bağlı hazırlıq işləri barədə də məlumat verib.
Sverdlovsk vilayəti Dumasının sədri Lyudmila Babuşkina, Sverdlovsk vilayəti hökuməti sədrinin birinci müavini Aleksey Orlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin birinci müavini, professor Vladimir Dubiçev, Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova, Yekaterinburq şəhərinin merinin birinci müavini Sergey Tuşın, Sverdlovsk vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski çıxışlarında Azərbaycan ilə Rusiya, o cümlədən Sverdlovsk vilayəti arasında dostluq münasibətlərindən bəhs ediblər. Natiqlər Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi ən son nailiyyətləri, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkə iqtisadiyyatının inkişaf tempinin artırılması, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılması istiqamətində görülən işləri qeyd ediblər.
Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları və incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təklif olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq