QAN YADDAŞI
Yekaterinburqda Xocalı qətliamı qurbanlarının xatirəsi yad edilib
Moskva, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Rusiyanın Yekaterinburq şəhərində anım tədbiri keçirilib.
Ölkəmizin Yekaterinburq şəhərindəki baş konsulluğu və Ümumrusiya Azərbaycan Konqresinin “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən anım tədbirində Yekaterinburqda yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının nümayəndələri, ictimaiyyət və mədəniyyət xadimləri, Sverdlovsk vilayətində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri, o cümlədən Fransa, Macarıstan və Tacikistanın baş konsulları, KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə haqqında geniş məlumat verən film, habelə “Dəyirman” qrupunun məşhur reper Toni Bləkmən ilə birgə ifa etdiyi “Justice for Khojaly” klipi təqdim olunub.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, bu kampaniya nəticəsində Xocalı hadisələri dünyanın 10-a yaxın ölkəsinin parlamentləri və ABŞ-ın 15-dən artıq ştatı tərəfindən soyqırımı aktı kimi tanınıb. S.Qasımov 23 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələrdən danışaraq bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu faciə XX əsrin ən qanlı hadisələrindən biridir. Erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indiyədək məlum deyil. S.Qasımov XX əsrin faciəsi olan Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən bütün beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək istiqamətində məqsədyönlü şəkildə həyata keçirilən cinayətkar erməni siyasətinin nəticəsi olduğunu vurğulayıb. Baş konsul deyib: “XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir və əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır”.
Tədbirdə Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova, “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatının sədri Şahin Şıxlinski, Ural Dövlət Dağ Mədəni Universitetinin professoru Dmitri Popov, Ural Dövlət Hüquq Akademiyasının magistrantı Vladislav Kulikov, Rusiyanın əməkdar məşqçisi Sergey Novokonski, Sverdlovsk vilayəti Azərbaycan Gənclər Təşkilatının sədri Vüsal Vəliyev, Sverdlovskda yaşayan ictimai-siyasi xadimlər, müxtəlif elm ocaqlarının professor-müəllim heyəti, Yekaterinburq Azərbaycan Gənclər Təşkilatının nümayəndələri çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva