İDMAN
Yelena Boyko: Azərbaycan idman dövlətinə çevrilir
Əmman, 30 yanvar, AZƏRTAC
Xizəksürmə və biatlon üzrə dəfələrlə Ukrayna çempionu, 1993-cü il Birinci Ukrayna Universiadasının çempionu, idman ustası, hazırda İordaniyada üzgüçülük və fitnes üzrə məşqçi Yelena Boyko tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
Yelena Boyko AZƏRTAC-a müsahibəsində belə genişmiqyaslı idman tədbirinin təşkilində Azərbaycana, eləcə də idmançılarımıza uğurlar arzulayıb. Qeyd edib ki, çoxillik təcrübəsi olan peşəkar idmançı kimi Bakının birinci Avropa Oyunlarını keçirmək şərəfinə layiq görüldüyünə çox şaddır. O deyib: “Azərbaycan qədim ənənələrə və zəngin mədəniyyətə malik gözəl və perspektivli ölkədir. Burada idmana böyük diqqət ayrılır. Birinci Avropa Oyunları Azərbaycan tarixində, özü də təkcə sizin ölkənizin deyil, bütün Avropanın idman həyatında ən böyük tədbir və mühüm hadisə olacaqdır. Sevindirici haldır ki, Azərbaycan idman dövlətinə çevrilir”.
Onun sözlərinə görə, birinci Avropa Oyunları dünya Olimpiya hərəkatına sanballı töhfə verəcək və gələcək Avropa oyunlarının möhkəm təməlini qoyacaq.
Yelena Boyko vurğulayıb: “Əminliklə deyə bilərəm ki, bu idman tədbiri ən yüksək səviyyədə təşkil olunacaq və bütün qitənin idmançılarını birləşdirəcək, eləcə də ümumi diqqəti ölkənizə cəlb edəcək”.
O xüsusilə qeyd edib ki, Avropa Oyunlarının keçirilməsi istedadlı idmançılara özlərini tanıtmaq üçün əlavə imkanlar yaradır, yeni adların kəşf edilməsinə meydan açır.
Yelena Boykonun fikrincə, idman aləmi başlanmasına az vaxt qalan Birinci Avropa Oyunlarına hazırlığı maraqla izləyir. Bütün bunlara əsasən demək olar ki, Azərbaycan tədbirin geniş vüsəti ilə hamını təəccübləndirəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman