MƏDƏNİYYƏT
Yeni 2014-cü ildə dəbdə olacaq rənglər VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). Bakının zövqlə geyinənlərini maraqlandıran əsas suallardan biri də qarşıdan gələn 2014-cü ildə hansı rəngdə geyimlərin dəbdə olacağıdır.
Bütün bu suallara cavab tapmaq üçün həm şəhər sakinlərinin, hə də elə Azərbaycan modelyerlərinin fikirlərini öyrənməyə çalışdıq. 2014-cü ildə geyimimizdə hansı rənglərin dəbdə olacağı ilə bağlı suallara yerli modelyer, “Fashion Mystery” moda evinin sahibi Günel Behbudova aydınlıq gətirmişdir.
Günel Behbudova demişdir ki, bu il kəhrəba-sarısı və narıncı rənglər dəbdə olacaqdır. Bununla yanaşı, zərif boz, al qırmızı və bənövşəyi rəng çox istifadə olunan rənglər sırasında olacaqdır.
Rəng sahəsində dünyada tanınmış “Panton” şirkətinin məlumatına əsasən isə Yeni ildə rənglərdə tarazlıq müşahidə olunacaqdır. Qarışıq rəng çalarları bu il digər parlaq rənglərlə uyğunlaşacaqdır.
Şirkətin araşdırmalarına əsasən, gələn il on rəng: tutqun göy, bənövşəyi, açıq yaşıl, qum rəngi, zərif boz, al qırmızı, kəhrəba sarısı, narıncı, yasəmən rəngi və açıq mavi rənglər dəbdə olacaqdır.
Şəhərimizdə aparılmış sorğuda isə paytaxtımızın dəblə geyinən xanımlarının Yeni ildə öz qarderoblarının rəng qammasında hansı dəyişiklikləri etməyi planlaşdırdıqlarını öyrənməyə çalışdıq.
Xanımlarımız daha çox Yeni ildə bənövşəyi, yaşıl, palıd və çəhrayı rənglərə üstünlük verəcəklərini, həmçinin qəhvəyi və taxta rəngli geyimlərin xüsusilə diqqət mərkəzində olacağı qeyd edilmişdir.