REGİONLAR


Yeni Azərbaycan Partiyası 25 ildir ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir

Tərtər, 24 may, AZƏRTAC

Sıralarında 700 minədək insanı birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) 25 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir. Azərbaycanın bugünkü sosial, iqtisadi və siyasi inkişafında əldə olunan uğurlarda partiyanın xüsusi rolu var.

AZƏRTAC xəbər verir ki, bu fikir YAP Tərtər rayon təşkilatının mayın 24-də keçirilən IX konfransında səsləndirilib.

Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, 83 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Tərtər təşkilatının hazırda 6034 nəfər üzvü var. Partiya üzvlərinin 53 faizini qadınlar, 23 faizini gənclər təşkil edir. Əvvəlki konfransdan keçən müddət ərzində YAP sıralarına 1328 nəfər üzv qəbul edilib. Rayon təşkilatı ötən dövr ərzində ölkənin, o cümlədən rayonun ictimai-siyasi, iqtisadi-mədəni həyatında gedən proseslərin fəal iştirakçısı olub. Təşkilatın və onun fəal üzvlərinin ölkəmizdə gedən sürətli inkişafda fəal iştirakları dövlətimiz və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, konfranslararası dövrdə 9 nəfər “Tərəqqi”, 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3 nəfər “Əməkdar müəllim”, 1 nəfər isə “Əməkdar tibb işçisi” adına layiq görülüb.

Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək partiyanın keçdiyi yoldan, ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışıblar.

Konfransda təşkilati məsələlərə də baxılıb. Ramiz Şabanov yenidən YAP Tərtər rayon təşkilatının sədri, həmçinin təşkilatın 31 nəfərdən ibarət Şurasının, 13 nəfərdən ibarət İdarə Heyətinin üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.