QAN YADDAŞI
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Orta Şərq araşdırmaları” jurnalının təqdimatı olmuşdur
Gəncə, 1 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Türkiyə Respublikası Firat Universitetinin Orta Şərq Araşdırmalar Mərkəzinin nəşr etdirdiyi “Orta Şərq araşdırmaları” jurnalının Qarabağa həsr olunmuş xüsusi nömrəsinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimi YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan ermənilərin törətdikləri qanlı faciələri faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədri Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, tarixçi alimlər Eldar Mehdiyev və Üzeyir Balakişiyev çıxış edərək jurnalın əməkdaşlarına gördükləri xeyirxah işə görə minnətdarlıqlarını bildirmişlər.
Mərasimin sonunda jurnalın son nüsxələri mərasim iştirakçılarına paylanılmış, türkiyəli rejissor Özhan Erenin ssenarisi və rejissorluğu ilə çəkilmiş 31 mart soyqırımından bəhs edən “120” adlı sənədli film nümayiş olunmuşdur.