CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri Bakı Slavyan Universitetinin fəal tələbələri ilə görüşüblər
Bakı, 13 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Bakı Slavyan Universitetinin (BSU) fəal tələbələri ilə görüş keçirib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Birliyin ofisinin fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunub.
BSU-nun YAP Gənclər Birliyinin sədri Elvin Hətəmov çıxış edərək ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirakından danışıb.
Sonra YAP GB ofisinin əlaqələndiricisi, partiyanın Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov YAP GB-nin həyata keçirdiyi layihələrdən, hazırda fəaliyyət göstərən dil, liderlik kurslarından, Siyasi Debat Klubundan, digər layihələrdən danışıb, ofisin fəaliyyəti haqqında məlumat verib.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Rəhimov və digərləri Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəallığından söz açıblar.
Sonda YAP Gənclər Birliyi ofisinin əlaqələndiricisi Aytən Hüseynova gənclərlə keçirilən görüşün əsas məqsədindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib. O, həmçinin gəncləri fəal olmağa və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırıb.