SİYASƏT
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
İclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin ilin ikinci yarım illiyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım illik fəaliyyəti haqqında hesabatı qəbul olunub. Bildirilib ki, 2016-cı ildə də Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib.
Qeyd edilib ki, bəhs olunan dövrdə 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib. Seçkidə yaxından iştirak edən YAP möhtəşəm qələbə qazanıb və bununla da Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutub.
2016-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib. YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.
Qeyd olunub ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarım illiyi ilə bağlı iş planı geniş müzakirə olunduqdan sonra qəbul edilib.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin fəaliyyətinə dair hesabatın dinlənilməsi ilə bağlı olub.