SİYASƏT


Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının konfransı keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XI hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Sonra konfrans işini rayondakı Heydər Əliyev Mərkəzində davam etdirib.

Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov müstəqilliyimizin ilk illərində Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən şərtlər barədə danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafında, tərəqqisində, ümumiyyətlə, sosial-iqtisadi və ictimai-siyasi həyatında misilsiz xidmətlər göstərib. YAP Heydər Əliyevin dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda bütün gücünü, təşkilatçılıq bacarığını səfərbər edib. Bu gün, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirir.

YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti barədə məlumat verən A.Hüseynov deyib ki, hesabat dövründə rayon təşkilatı sosial bazasını xeyli möhkəmləndirib, bir çox ərazi ilk partiya təşkilatları təsis edilib və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Bu dövrdə partiya sıralarına 1033 nəfər yeni üzv qəbul olunub və hazırda 122 ərazi ilk partiya təşkilatında 11819 nəfər partiya üzvü fəaliyyət göstərir. Eyni zamanda, hesabat dövründə partiya təşkilatımız öz sıralarında gənclərin sayının artırılmasına xüsusi diqqət yetirib. Partiya üzvləri arasında onların sayı 4060 nəfərə çatıb ki, bu da partiya üzvlərinin ümumi sayının 34 faizini təşkil edir.

Sonra konfransda Nəzarət-Təftiş Qrupunun hesabatını Əlizamin Məmmədov təqdim edib. Hesabat ətrafında YAP Qaradağ Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova, YAP Qaradağ Rayon Təşkilatının İdarə Heyətinin üzvü Hicrət Qaradağlı çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahələrdə əhəmiyyətli uğurlar əldə edib, ölkəmizin beynəlxalq arenada mövqeləri daha da möhkəmlənib. Həmçinin ölkəmizin gələcək inkişafı baxımından önəm kəsb edən tarixi nailiyyətlər əldə olunub. Bu nailiyyətlər isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bəhrələridir.

Çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır günlərində, müstəqilliyimizi itirmək ərəfəsində olduğumuz bir dövrdə xalqın istək və arzularının nəticəsi kimi yaranıb, güclü təşkilatlanıb və xalqımızın böyük dəstəyi ilə hakimiyyətə gəlib. Bu partiyanın yaranması Azərbaycan xalqının böyük və müdrik oğlu, onun xilaskarı Heydər Əliyevin şərəfli adı, gərgin və səmərəli fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Ulu Öndərin yaratdığı və ötən müddətdə şərəfli və əzəmətli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası hazırda həm ölkəmizdə, həm də regionda böyük nüfuz sahibi olan siyasi təşkilata çevrilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası dünyaşöhrətli siyasətçi, təcrübəli dövlət xadimi ulu öndər Heydər Əliyevin yaratdığı güclü bir siyasi təşkilatdır. Prezident İlham Əliyevin sədrliyi ilə bu gün YAP Azərbaycan cəmiyyətinin mütərəqqi ideyalarla inkişafına xidmət edir. Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olduğu gündən həmişə böyük qələbələr qazanıb. Çünki YAP həmişə cəmiyyətimizin maraqlarını özünün ən ümdə vəzifəsi kimi qəbul edib. Bu böyük siyasi təşkilat həmişə dövlətimizin, xalqımızın rifahı, inkişafı naminə bütün gücünü səfərbər edib.

Sonra təşkilati məsələlərə baxılıb.

Aydın Hüseynov yenidən YAP Qaradağ rayon təşkilatının sədri, rayon təşkilatının İdarə heyəti və Şurasının üzvləri, Nəzarət Təftiş Qrupu və təşkilatın sədr müavinləri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.