REGİONLAR
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
Qazax, 24 iyun, Famil Quliyev, AZƏRTAC
Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib.
Konfransda rayon rəhbərliyi, Milli Məclisin deputatları Hadi Rəcəbli, Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası aparatının məsul işçisi Rəfael Gülməmmədov iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndәr Heydər Əliyevin abidәsi önünә gül dәstәlәri qoyaraq, xatirәsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, konfransda YAP Qazax rayon tәşkilatının sәdri Həmid Pənahov hesabat mәruzәsi ilә çıxış edib. Məruzədə qeyd olunub ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının da yaradıcısıdır. Ümummilli Liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirir və cəmiyyətin alternativsiz partiyasıdır.
H.Pənahov ötən konfransdan bəri rayon təşkilatının gördüyü işlər barədə də konfrans iştirakçılarını məlumatlandırıb.
Milli Məclisin deputatları Hadi Rəcəbli, Naqif Həmzəyev, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıblar. Bildirilib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən qurtularaq, bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxıb. Əldə etdiyimiz müstəqillik bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib, Azərbaycanın müstəqilliyi əbədilik qazanıb.
Sonda təşkilati məsələlərə baxılıb. Həmid Pənahov yenidən Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri seçilib.