RƏSMİ XRONİKA
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binası istifadəyə verilmişdirVİDEO
Şabran, 19 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılmışdır. Binanın ətrafında əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.
Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapmışdır. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Qeyd olundu ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır.
İnzibati binada yaradılan iş şəraiti ilə tanış olan Prezident İlham Əliyev buradan şəhərin mənzərəsini seyr etdi, rayon mərkəzinin genişləndirilməsinə dair tapşırıqlarını verdi.