SİYASƏT
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin növbəti iclası keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev son bir ayda respublikamızın, eləcə də YAP-ın, o cümlədən rayon partiya təşkilatının ictimai-siyasi həyatında baş verən hadisələrdən danışıb.
Ötən iclasdan keçən müddət ərzində YAP Səbail rayon təşkilatının gördüyü işlər haqqında ətraflı məlumat verən Ş.Hacıyev bildirib ki, iyun ayı ərzində Milli Qurtuluş Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilib, rayon təşkilatı nəzdində yeni ərazi ilk partiya təşkilatları təsis olunub. Mübarək Ramazan bayramı münasibətilə rayonun aztəminatlı sakinləri üçün bir neçə xeyriyyə aksiyası keçirilib və ciddi ehtiyacı olan, hərəkət etməkdə çətinlik çəkən yeddi nəfər aztəminatlı rayon sakininə əlil arabaları hədiyyə olunub. Məktəblilərin respublikamızın ali qanunvericilik orqanının fəaliyyəti ilə tanış olması üçün Milli Məclisə bir neçə ekskursiya təşkil edilib.
YAP Səbail rayon təşkilatının sədri ilin əvvəlindən 900-ə yaxın yeni üzvün partiya sıralarına daxil olduğunu və idarə heyətinin üzvlərinin bu müddətdə mətbuatda aktual məsələlər barədə çoxsaylı çıxışlarının, məqalə və müsahibələrinin dərc edilməsini xüsusi vurğulayıb.
Sonra gündəlikdə duran məsələlər müzakirə edilib.
“Bibi-Heybət” (50 saylı orta məktəb) ərazi ilk partiya təşkilatının sədri Sədaqət Həsənova, “Müharibə veteranları” (Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatının sədri İlham Əliyev və “Əmək normaçıları” (SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin baş ofisi) ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov təmsil etdikləri qurumlarda görülmüş işlər haqqında məruzələrlə çıxış ediblər.
Hesabat məruzələri səsə qoyularaq yekdilliklə qəbul olunub.
Daha sonra yeni təsis olunmuş ərazi ilk partiya təşkilatları – “Gənclər Fondu”, “Milli Kitabxana” və “Şıx Sanatoriyası” ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılıb. Hər üç ərazi ilk partiya təşkilatının qeydiyyata alınması barədə qərar qəbul edilib.
Sonra “Xəzər dənizçiləri” (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) ərazi ilk partiya təşkilatının sədri İzafət Məmmədov 25 iyun dənizçilərin peşə bayramı – Dənizçi Günü münasibətilə rayon təşkilatının fəxri fərmanı ilə təltif olunub.
Sonda cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.