REGİONLAR
Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin möhkəmlənməsində xüsusi rol oynayıb
Ağcabədi, 8 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) 25 il ərzində şərəfli tarixi yol keçərək, müstəqil dövlətimizin möhkəmlənməsində xüsusi rol oynayıb. Partiyanın iştirakı ilə həyata keçirilən tədbirlər, görülən işlər Azərbaycanın milli maraqlarına tam cavab verməklə, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyinə, tərəqqisinə, vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu fikir YAP Laçın rayon təşkilatının Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilən X konfransında səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələrinin, Milli Məclisin deputatlarının, rayon rəhbərliyinin, 180 nəfər partiya üzvünün iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın banisi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkilatın sədr müavini Xaliq Musayev qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, görülmüş tədbirlər nəticəsində rayon təşkilatı ideya siyasi cəhətdən daha da möhkəmlənib, partiya üzvlərinin fəallığı, təşəbbüskarlığı xeyli yüksəlib, təşkilatlanmaya xüsusi diqqət yetirilib. Ötən konfransdan keçən dövr ərzində 31 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Laçın təşkilatının üzvlərinin sayı 927 nəfər artaraq 3552 nəfərə çatıb.
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun sədri Tofiq Mirzəyevin hesabatı dinlənilib.
Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin deputatı Mahir Abbaszadə ulu öndər Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranmasından və keçdiyi şərəfli yoldan, dahi rəhbərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan danışıblar.
Sonra konfransın qətnaməsi qəbul olunub. Konfransda təşkilati məsələlərə də baxılıb. İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri, həmçinin təşkilatın 31 nəfərdən ibarət Şurasının, 13 nəfərdən ibarət İdarə Heyətinin üzvləri və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi seçilib.