CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaradılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında YAP-ın yaradılmasının 22-ci ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaradıldığını bildirib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli YAP-ın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib. V.Səfərli bildirib ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata, söz azadlığına diqqət və qayğısının nəticəsi olaraq ölkədə demokratik islahatların, söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradılıb.
Digər çıxış edənlər partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasından, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsindən bəhs ediblər.
Sonda Nərimanov rayonunun ictimai-siyasi həyatında fərqlənənlərə rayon təşkilatının fəxri fərmanları və hədiyyələr, YAP-ın sıralarına qəbul olunmuş yeni üzvlərə isə vəsiqələr təqdim edilib.