SİYASƏT


Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyədək yalnız ölkəmizin inkişafı naminə çalışıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov YAP-ın yaranmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu deyib. Bildirib ki, YAP tarixi zərurətdən yaranaraq qısa zaman kəsiyində ümumxalq partiyasına çevrilib. Yarandığı gündən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışıb.

İcra hakimiyyətinin başçısı 1990-cı illərin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxardığını qeyd edib. O, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il noyabrın 21-də ölkəmizin taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını xatırladıb.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev partiyanın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. YAP üzvlərinin ölkədə ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyən deputat Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Sonda YAP Qaradağ rayon təşkilatının 9 fəal üzvünə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.