REGİONLAR
Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzu getdikcə daha da artır
Yardımlı, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunan toplantı keçirilib.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev partiyanın yaranmasının 22-ci ildönümü ilə bağlı məruzə edib.
Bildirilib ki, rayonun ziyalıları 1993-cü ildə respublikada baş verən siyasi qalmaqallara baxmayaraq, konfrans keçirərək YAP Yardımlı rayon təşkilatını yaratdılar. YAP Yardımlı rayon təşkilatı respublikada ilk yaranan 16 təşkilatdan biri oldu.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi partiya sıralarında sağlam fikirli insanların sayının artmasına səbəb olub. Bunun bariz nümunəsini Yardımlı rayonunda aydın görmək olar. Hazırda YAP Yardımlı rayon təşkilatında partiya üzvlərinin sayı artaraq 3 min 200 nəfərə çatıb.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq aləmdə nüfuzu artıb, respublikamızda genişmiqyaslı proqramlar uğurla yerinə yetirilir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzu getdikcə daha da artır.
Digər çıxış edənlər 22 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın müstəqil Azərbaycanın inkişafındakı mühüm xidmətlərindən danışıblar.
Sonda partiyanın sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.