CƏMİYYƏT
Yeni Azərbaycan Partiyasının gənc üzvləri 31 Mart soyqırımı qurbanlarının xatirəsini anıblar
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, YAP Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bədnam ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərindən danışıb. Bildirilib ki, böyük dövlətlərin siyasətinin həyata keçirilməsi üçün vasitə olan ermənilər 1918-ci ildə təkcə Bakıda və Qarabağda deyil, Quba, Şamaxı, Naxçıvan, Lənkəran və digər bölgələrdə on minlərlə dinc sakini qəddarlıqla qətlə yetiriblər.
S.Orucov diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi tariximizi, xüsusən də ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətləri yaxşı bilməlidir.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov məruzə ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “31 mart - Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu soyqırımına hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm sənəddir. 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində əksini tapır. A.İsgəndərov komissiyanın yaradılmasında əsas məqsədin ermənilərin Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri soyqırımları ilə bağlı toplanan təhqiqat sənədlərinin müxtəlif dillərdə nəşr olunaraq dünya ictimaiyyətinə çatdırılmasından ibarət olduğunu deyib.
Çıxışlardan sonra müzakirələr aparılıb.