SİYASƏT
“Yeni Azərbaycan” təşəbbüs qrupu referendumda iştirak üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı cari il sentyabrın 26-na təyin olunan referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını uğurla başa çatdırıb. 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən çox seçici imzası toplanıb.
“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilən təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.