İQTİSADİYYAT
Yeni “Simit” proqramlaşdırma dili yaradılıb
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan beynəlxalq mütəxəssislər komandası tərəfindən yaradılmış “Simit” proqramlaşdırma dili fiziki proseslərin kompleks modelləşdirməsi üçün yüksək və aşağı səviyyəli təsvir arasında sürətli keçidə imkan verir. Bu proqramlaşdırma dilinin sayəsində tədqiqatçılar kodun miqdarını 90 faiz azalda, eyni zamanda, simulyasiyaların modelləşdirilməsi effektivliyini 200 dəfə yüksəldə bilərlər.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, müasir elmdə kompyuter simulyasiyalarının modelləşdirilməsi olmadan hər hansı bir iş görmək çətindir. Məsələn, alimlər yüksək yüklənmə zamanı təyyarənin qanadında çatın yaranması səbəblərini öyrənmək istəyirlər və bunun üçün müvafiq proqramı yazırlar. Daha sonra virtual qanadı müxtəlif vəziyyətlərdə sınaqdan keçirir, müvafiq qanunauyğunluq aşkar edirlər. Nəticədə gələcəkdə dəhşətli təyyarə qəzalarından xilas olmaq mümkün olur. Hazırda mövcud proqramlaşdırma dilləri bu istiqamətdə tədqiqatlar üçün səmərəsizdir.
“Simit” proqramlaşdırma dilinin əsas özəlliyi alqoritmlərin yüksək səviyyəli təsvirinin avtomatik aşağı səviyyəli təsvirə və ya əksinə keçididir. “Simit” dilindən istifadə nəticəsində kodun miqdarı dəfələrlə azalır. Proqramçılar eyni alqoritmi məşhur proqramlaşdırma dillərində, həmçinin “Simit” dilində yazıblar. Kodun miqdarı bütün əvvəlki versiyaların 10 faizini təşkil edib. Yeni proqramlaşdırma dilindən kompyuter təlimi, robot düzəltmə, məlumatların təhlili və müasir elmin bir sıra başqa istiqamətlərində istifadə etmək planlaşdırılır.