DÜNYA
Yeni "BlackBerry" smartfonu gələn ayın sonu satışa çıxarılacaq
Bakı, 28 aprel, AZƏRTAC
Kanadanın "BlackBerry" brendinin sahibi olan Çinin "TCL" şirkəti 35 klaviatura klavişi və barmaq izi skaneri ilə təchiz ediləcək "KEYone" modelini mayın 31-də satışa çıxaracaq.
AZƏRTAC "Rambler"ə istinadla xəbər verir ki, Kanadada qurğu üçün əvvəlcədən sifarişlərin qəbuluna mayın 18-də başlamaq nəzərdə tutulur. Smartfonun satışı ilə yerli "Bell", "Bell MTS", "Rogers", "SaskTel" və"TELUS Business" operatorları məşğul olacaq. ABŞ-da 549 dollara (Avropada 600 avro) satılacaq yeni qurğu "Apple", "Google" və "Samsung" smartfonlarından 100 dollar ucuz olacaq.
Smartfon 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də "microSD" kartı üçün çıxışa malikdir. Əsas kamera "Google Pixel" smartfonlarının istifadə etdiyi 12 meqapikselli "Sony IMX378" sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.
"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğunun ABŞ və Avropa bazarında satışa çıxarılma vaxtı barədə məlumat veriləcək.